Göstərişlər, əks-göstərişlər və məhdudiyyətlər
Göstərişlər
Tətbiq Accu-Chek SmartGuide cihazından istifadə edən şəkərli diabet xəstələri (yaxud onların xəstə baxıcıları) üçün nəzərdə tutulmuşdur.
Əks-göstərişlər
Tətbiq
Heç bir məlum əks-göstəriş yoxdur.
Sensor
- Cihaz ciddi vəziyyətdə olan xəstələr və ya dializdə olan xəstələr tərəfindən istifadə edilməməlidir.
- Xüsusi mühitlərə daxil olmazdan əvvəl sensor çıxarılmalıdır (IEC 60601-1-2 standartına əsasən). Xüsusi mühitlərə hərbi ərazilər, ağır sənaye sahələri və yüksəkenerjili tibbi elektron avadanlıqlara (maqnit rezonans tomoqrafiya (MRT), kompüter tomoqrafiyası (KT), rentgen, radioterapiya və ya diatermiya kimi) malik tibbi müalicə sahələri daxildir.
Məhdudiyyətlər
Tətbiq
- Tətbiq sensorla Bluetooth® Low Energy texnologiyası vasitəsilə əlaqə yaradır. 5.0 versiyasından əvvəlki Bluetooth Low Energy versiyalarını dəstəkləyən cihazlar uyğun olmaya bilər.
- İstifadəçi yalnız sensor tətbiqə qoşulmuş olarsa və bildirişlər istifadəçi tərəfindən aktivləşdirilmiş olarsa, alarmlar alacaq.
- Tətbiq mobil cihazda göstərilən informasiyanı oxuya bilməyən şəxslərin istifadəsi üçün tərtib edilməyib.
- Tətbiq tibbi tövsiyə təmin etmir.
- Tətbiq sizə əsasən səs vasitəsilə alarmlar barədə bildirişlər göndərir. Bundan əlavə, toxunuş və ya vizual bildirişlər kimi digər bildiriş üsullarından da istifadə edilə bilər. Əgər eşitmə problemləriniz varsa və ya eşitmə qabiliyyətinizi itirmisinizsə, bildiriş xəbərdarlığı məhdud ola bilər. Belə hallarda alarmlar üçün yalnız sizə uyğun olan bildiriş üsulundan istifadə edin.
- Alarm sistemində olan məhdudiyyətlər səbəbindən alarm bildirişlərinə bütün hallarda təminat verilməsi mümkün deyil. Təkcə alarmlara arxalanmayın. Əks halda, siz kəskin aşağı qan şəkəri və/yaxud yüksək qan şəkəri hallarını nəzərdən qaçıra bilərsiniz.
Səhiyyə işçisinin təlimatlarına əsasən qlükoza səviyyənizi yoxlamaq, yaxud qlükoza səviyyənizin aşağı və ya yuxarı olduğunu hiss edirsinizsə, bundan əmin olmaq üçün müntəzəm əsasda tətbiqi açın. Heç vaxt aşağı və ya yüksək qan şəkəri simptomlarını nəzərdən qaçırmayın. - Tətbiq sensor tərəfindən təmin edilən CGM dəyərlərinə əsasən alarmlar verir. Sensor Dəyişiklik rejimindədirsə, CGM dəyərlərinin dəqiqliyi aşağı ola bilər. Nəticədə, əsl qlükoza dəyəriniz normal olsa belə, alarmlar verilə bilər. Əsl qlükoza dəyəriniz yüksək və ya aşağı olduğu halda belə, heç bir alarmın verilməməsi də mümkündür.
- Tətbiq sensor tərəfindən təmin edilən CGM dəyərlərini göstərir. Sensor Dəyişiklik rejimindədirsə, bu CGM dəyərlərinin dəqiqliyi aşağı ola bilər. Sensor ilə birlikdə təmin edilən istifadə təlimatlarına əməl edin.
Sensor
- Sensor ilə ölçülən interstisial maye qlükoza səviyyələri faktiki qan şəkərinin səviyyəsini göstərməyə bilər. Bu, bədəndə qlükoza səviyyəsində qəfil azalmalar və ya artımlar zamanı baş verə bilər. İnterstisial maye qlükoza səviyyələri faktiki qan şəkərinin səviyyəsindən daha yüksək və ya daha aşağı ola bilər. Bu cür dövrlər tətbiqin Əsas ekranındakı Dəyişiklik oxları və Əsas qrafiki nəzərdən keçirməklə aşkar oluna bilər. Bu hallarda insulin dozajlaması kimi terapiya qərarlarını qan şəkərini ölçən cihaz vasitəsilə əldə edilmiş əlavə qan şəkəri nəticələrinə əsaslandırmalısınız.
- CGM dəyəri simptomlarınıza uyğun gəlmirsə, dəyər qan şəkərini ölçən cihazdan istifadə edərək qan şəkəri testi ilə doğrulanmalıdır.
- Sensor yalnız qolun yuxarı hissəsində göstərilmiş tətbiq nahiyəsinə tətbiq edilməlidir. Əks halda, pasiyentin təhlükəsizliyinə və CGM məlumatlarının dəqiqliyinə təminat verilməsi mümkün deyil.
- Sensor 10 metr diapazon (baxış xətti) daxilində olan mobil cihaza informasiya göndərə bilər. Faktiki diapazon mobil cihazdan və mühitinizdən (məsələn, digər yaxınlıqdakı cihazlar) asılı olaraq azala bilər.
- Yalnız sensorunuzu tətbiq tərəfindən qeyd edilmiş şəkildə kalibrlədikdən sonra insulin dozajlaması kimi terapiya qərarları vermək üçün CGM dəyərlərindən istifadə edin. Sensorunuzun kalibrlənməsi fəslinə nəzər salın.
- Müdaxilə edən maddələrin qəbulu CGM dəyərlərini yanlış şəkildə qaldıra, bu isə sizin kəskin hipoqlikemiya halını nəzərdən qaçırmağınıza səbəb ola bilər. Əgər qeyd edilmiş müdaxilə edən maddələrdən hər hansı birini qəbul edirsinizsə, səhiyyə işçisi ilə məsləhətləşin. Müdaxilə edən maddələrin siyahısı üçün Accu-Chek SmartGuide cihazının texniki məlumatları fəslinə nəzər salın.